REGİONLAR


Sabirabadda süni mayalanma yolu ilə hər 100 inəkdən 72 bala alınıb

Sabirabad, 13 oktyabr, Mahir Babayev, AZƏRTAC

Sabirabadda heyvandarlıq aqrar sektorun əsas sahələrindən biridir. Rayonda bu sahənin inkişafını daha da sürətləndirmək, heyvandarlıq məhsulları istehsalını artırmaq məqsədilə mühüm tədbirlər həyata keçirilir ki, bu da məhsul istehsalı və mal-qaranın baş sayının artmasına səbəb olur.

Son illər rayonda mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində də mühüm işlər görülür. Bu məqsədlə xarici ölkələrdən ətlik və südlük düyələr, buğalar gətirilir, süni mayalanmaya xüsusi diqqət yetirilir. Süni mayalanma yolu ilə doğulan hər baş buzov üçün dövlət tərəfindən 100 manat subsidiya verilməsi və digər tədbirlərin həyata keçirilməsi təsərrüfat sahiblərində heyvandarlığın inkişafında bu üsuldan geniş istifadə etməyə marağı daha da artırır.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, hazırda rayonda 14 süni mayalanma məntəqəsi fəaliyyət göstərir. Bu ilin altı ayı ərzində bu məntəqələrin mütəxəssisləri tərəfindən ötən il mayalanma aparılmış 7 min 94 baş ana inək və düyədən 5 min 123 baş buzov alınıb ki, bu da hər 100 baş inəyə 72 bala deməkdir. Doğulan buzovlara görə maldarlara 512 min 300 manat subsidiya ödənilib.

Qeyd edək ki, hazırda Sabirabadın heyvandarlıq təsərrüfatlarında 120 min baş ana inək və düyə saxlanılır. Onların da 85-90 faizi cins tərkibi yaxşılaşdırılmış heyvanlardır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.