REGİONLAR
Sabirabadda tədarük olunan pambığın 19 min tondan çoxu maşınlarla yığılıb
Sabirabad, 2 dekabr, Mahir Babayev, AZƏRTAC
Sabirabadda pambıq yığımı başa çatmaq üzrədir. Hazırda sahələrdə sonuncu yığım gedir və fermerlər hər gün plantasiyalardan 25-30 tondan çox məhsul toplayaraq qəbul məntəqələrinə göndərirlər.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, bu mövsüm sabirabadlı pambıqçılar 8 min 630 hektar sahədə pambıq yetişdiriblər. Səpin kampaniyasından yığıma kimi bütün aqrotexniki tədbirlər vaxtlı-vaxtında həyata keçirildiyindən, sahələrdə məhsul bol olub. Dövlətin aqrar sektorun, xüsusilə pambıqçılığın inkişafına göstərdiyi dəstək sahibkarların bu ənənəvi sahəyə marağını daha da artırıb. İndi rayonda yüzlərlə fermer pambıq istehsalı ilə məşğul olur və yetişdirdikləri məhsulu son qozasınadək toplamaq üçün bütün qüvvələrini sərf edirlər. Onların gərgin əməyi sahəsində indiyədək plantasiyalardan 25 min 50 ton məhsul tədarük olunub. Yığılan məhsulun 19 min 500 tonu maşınlar vasitəsilə toplanılıb. Hər hektarın məhsuldarlığı 29,3 sentnerə çatır.
Yığım kampaniyası rayonun Moranlı, Şəhriyar, Qaratəpə və Yolçubəyli inzibati ərazi dairələri üzrə nümayəndəliklərdə daha nümunəvi təşkil olunub. Bu nümayəndəliklərdə fəaliyyət göstərən məhsul istehsalçıları becərdikləri sahələrin hər hektarından 30-35 sentner məhsul götürürlər.
Qeyd edək ki, sabirabadlı pambıqçılar ötən il sahələrdən 17 min 292 ton pambıq toplayıblar.