REGİONLAR
Sabirabadda ümumi çəkisi 24 kiloqram olan çətənə bitkisi və marixuana aşkar edilib
Sabirabad, 26 iyun, Aydın Yavərzadə, AZƏRTAC
Sabirabadda çətənə bitkisinin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaşxaş-2021” adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayon ərazisində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən Ramin Əhmədov saxlanılıb. Polis əməkdaşları tərəfindən şəhər ərazisində yerləşən ona məxsus fərdi yaşayış evinə keçirilən baxış zamanı həyətyanı sahədən yaş çəkisi 13 kiloqrama yaxın xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş 17 ədəd çətənə bitkisi, evdən və həyətində yerləşən tikilidən isə sellofan torbalarda və kibrit qutularında qablaşdırılmış ümumi çəkisi 11 kiloqrama yaxın qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı Sabirabad RPŞ-də cinayət işi açılıb, araşdırmalar davam etdirilir.