REGİONLAR
Sabirabadda yanvar ayında 9 min tondan çox süd istehsal olunub
Sabirabad, 3 fevral, Mahir Babayev, AZƏRTAC
Sabirabadda aqrar sahənin digər bölmələri ilə yanaşı, heyvandarlığın inkişafına da xüsusi diqqət yetirilir. Rayonda bu sahənin inkişafını sürətləndirmək, heyvandarlıq məhsulları istehsalını daha da artırmaq məqsədilə yeni-yeni heyvandarlıq və quşçuluq təsərrüfatları yaradılır, mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasına diqqət yetirilir. Həyata keçirilən tədbirlər nəticəsində rayonda heyvanların baş sayı, ət, süd, yumurta və yun istehsalı ilbəil artır, mal-qaranın cins tərkibi yaxşılaşır.
Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, hazırda rayonun heyvandarlıq və fərdi təsərrüfatlarında 122 min 828 baş mal-qara və 232 min 688 baş qoyun-keçi saxlanılır.
Cari ilin yanvar ayı ərzində rayondakı heyvandarlıq təsərrüfatlarında 1660 ton ət (diri çəkidə), 9 min 735 ton süd, 9 milyon 909 min ədəd yumurta istehsal olunub ki, bu da ötən ilin yanvar ayı ərzində istehsal olunan ətdən 55 ton, süddən 89 ton, yumurtadan 2 milyon 785 ədəd çoxdur.