REGİONLAR
Sabirabadın Moranlı və Qaralar kəndlərində pambıq qəbulu məntəqələrinin təmiri yekunlaşır
Sabirabad, 23 sentyabr, Mahir Babayev, AZƏRTAC
Sabirabadda pambıqçılığın sürətli inkişafı və məhsul istehsalının artımı ilə əlaqədar olaraq pambıq qəbulu məntəqələri də yenidən qurulur.
AZƏRTAC xəbər verir ki, təmir və yenidənqurma işlərinə ilk olaraq rayonun Moranlı və Qaratəpə kəndlərindəki pambıq qəbul məntəqələrindən başlanılıb. Altı min ton xam pambıq qəbul etmək gücünə malik olan məntəqələrdə təmir işlərinə bu ilin iyun ayının əvvəllərindən başlanılıb. Hər biri 10 hektar ərazini əhatə edən məntəqələrdə pambıq tayaları üçün 18 meydança, inzibati bina, laboratoriya və ümumilikdə 30-a yaxın yardımçı tikili inşa edilib. Məntəqələrə elektrik, su və kanalizasiya xətləri çəkilib, yanğından mühafizə üçün avadanlıqlar və istilik sistemi qurulur. Məntəqələr ən müasir avadanlıqlarla təchiz olunub. Təmir işləri yaxın günlərdə başa çatdırılacaq.
MKT “İK” MMC-nin Sabirabad filialının direktoru Yunis Gözəlov AZƏRTAC-a bildirib ki, rayonda pambıq istehsalının ilbəil artması ilə əlaqədar olaraq gələcəkdə daha bir neçə pambıq qəbulu məntəqəsinin yenidən qurulması nəzərdə tutulub.