REGİONLAR
Sabirabadın Yolçubəyli kəndinə ilk dəfə təbii qaz verilib YENİLƏNİB
Sabirabad, 17 fevral, Mahir Babayev, AZƏRTAC
Sabirabadın qəsəbə və kəndlərinin “mavi yanacaq”la təmin edilməsi ilə bağlı qarşıda duran vəzifələr uğurla icra olunur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, indiyədək rayonun 74 yaşayış məntəqəsindən 58-i qazlaşdırılıb. Onların sırasına 795 abonenti olan Yolçubəyli kəndi də əlavə olunub. Kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 70 min 710 metr olan metal və polietilen borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə 795 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Kəndə təbii qazın verilməsi münasibətilə keçirilən mərasimdə çıxış edən “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyev və Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov son illər ölkədə qaz təchizatı sisteminin yenidən qurulduğunu diqqətə çatdırıb, qəsəbə və kəndlərin qazlaşdırılması istiqamətində həyata keçirilən irimiqyaslı layihələrdən danışıb.
Dövlət başçısının ölkənin qazlaşdırılması proqramının icrasını daim diqqətdə saxladığını söyləyən natiqlər bildiriblər ki, Sabirabad şəhəri də daxil olmaqla rayonun 59 kənd və 2 məcburi köçkün qəsəbəsi təbii qazla təmin olunub. Qalan 15 yaşayış məntəqəsinin cari ildə qazlaşdırılması nəzərdə tutulub.
Qeyd olunub ki, hazırda rayonun Zəngən kəndində qaz çəkilişi yekunlaşmaq üzrədir. Yaxın günlərdə bu kəndin sakinləri də təbii qazdan istifadə edəcəklər.
Kənd sakinləri mavi yanacaqla təmin olunduqlarına görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Sonda rəmzi məşəl yandırılıb, evlərə qaz verilməsinə baxış keçirilib.