REGİONLAR
Sabirabadın bostan sahələrində məhsul boldur
Sabirabad, 13 iyul, Mahir Babayev, AZƏRTAC
Sabirabadda bostan məhsulları (qarpız, yemiş) yığımının qızğın çağıdır. Məhsul istehsalçıları əkdikləri bostan sahələrindən cari ilin altı ayı ərzində 27 min 553 ton məhsul toplayıblar.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, sabirabadlı əkinçilər bu mövsüm 3 min 984 hektar sahədə bostan bitkiləri əkiblər ki, bunun da 3 min 303 hektarını qarpız, 681 hektarını isə yemiş sahəsi təşkil edir. Torpaq mülkiyyətçiləri əkdikləri sahələrə aqrotexniki qaydada qulluq etdiklərindən plantasiyalarda məhsul boldur. Xeyli vaxtdır ki, fermerlər becərdikləri sahələrin məhsulunu toplayırlar. Yarım il ərzində bostançılar əkin sahələrindən 14 min 317 ton qarpız,13 min 236 ton isə yemiş tədarük ediblər. Qarpız sahələrinin hər hektarının məhsuldarlığı 263, yemiş sahələrinin isə 220 ton olub.
Təsərrüfatlarda bostan məsulları yığımının sürəti günbəgün artır. Sahibkarlar yetişdirdikləri məhsulun yığımını itkiyə yol vermədən başa çatdırmaq üçün var qüvvə ilə çalışır, gün ərzində 60-70 hektar sahənin məhsulunu toplayırlar. Tədarük olunan məhsul əsasən Bakı, Sumqayıt və digər iri şəhərlərin bazarlarına göndərilir.