REGİONLAR
Sabirabadlı fermerlər 18 min hektardan çox sahəyə payızlıq taxıl səpiblər
Sabirabad, 9 dekabr, Mahir Babayev, AZƏRTAC
Sabirabadlı taxılçılar ötən ilin payızında 25 min 136 hektar sahələrdə taxıl əkiblər. Əkinçilər cari ildə biçin apardıqları arpa sahələrindən 36 min 196, buğda zəmilərindən isə 63 min 912 ton məhsul götürüblər. Məhsul istehsalçıları taxıl sahələrindən, ümumilikdə, 100 min 108 ton taxıl əldə edərək, hər hektarın məhsuldarlığını 39,8 sentnerə çatdırıblar.
Rayon statistika idarəsindən AZƏRTAC–ın bölgə müxbirinə bildiriblər ki, bu uğurlardan ruhlanan fermer və torpaq mülkiyyətçiləri gələn ildə də yüksək nəticələr əldə etmək üçün səpinə vaxtında başlayıblar. “Aqrolizinq” ASC tərəfindən bütün lazımi səpin aqreqatları ilə təmin olunan əkinçilər qısa müddətdə 18 min 967 hektar sahədə səpin aparıblar ki, bunun da 9 min 713 hektarı buğda, 9 min 254 hektarı isə arpadır. Gün ərzində 250-300 hektar sahəyə toxum səpən əkinçilər səpin kampaniyasını qısa müddətdə başa çatdırmaq üçün bütün qüvvələrini sərf edirlər.