REGİONLAR
Sabirabadlı fermerlər indiyədək 7 min hektardan çox payızlıq taxıl səpiblər
Sabirabad, 19 noyabr, Mahir Babayev, AZƏRTAC
Sabirabadda taxılçılıq əsas təsərrüfat sahələrindən hesab olunur. Fermerlər təsərrüfatın bu sahəsinə böyük maraq göstərdiklərindən rayonda məhsul istehsalı ilbəil artır.
Rayon Statistika İdarəsindən AZƏRTAC –ın bölgə müxbirinə bildiriblər ki, sabirabadlı taxılçılar ötən ilin payızında 15 min 115 hektar sahələrdə taxıl əkiblər. Əkinçilər cari ildə biçin apardıqları arpa sahələrindən 35 min 168, buğda zəmilərindən isə 61 min 925 ton məhsul götürüblər. Məhsul istehsalçıları taxıl sahələrindən, ümumilikdə, 107 min 93 ton taxıl əldə edərək, hər hektarın məhsuldarlığını 40,9 sentnerə çatdırıblar.
Qazanılmış uğurlardan ruhlanan fermer və torpaq mülkiyyətçiləri gələn ildə də yüksək nəticələr əldə etmək üçün səpin kampaniyasına vaxtında başlayıblar. “Aqrolizinq” ASC tərəfindən bütün lazımi səpin aqreqatları ilə təmin olunan əkinçilər qısa müddətdə 7 min 421 hektar sahədə səpin aparıblar ki, bunun da 2 min 507 hektarı buğda, 4 min 917 hektarı arpadır. Fermerlər səpin zamanı daha çox rayonlaşdırılmış məhsuldar sortlara üstünlük verirlər. Gün ərzində 200-250 hektara toxum səpən əkinçilər səpin kampaniyasını qısa müddətdə başa çatdırmaq üçün bütün qüvvələrini sərf edirlər.