REGİONLAR


Sabirabadlı pambıqçı: Hər hektardan 40 sentner məhsul götürəcəyimi planlaşdırıram

Sabirabad, 13 oktyabr, Mahir Babayev, AZƏRTAC

Sabirabadda pambıq yığımının qızğın çağıdır. Fermerlər hər gün pambıq plantasiyalarından 790-800 ton məhsul toplayaraq qəbul məntəqələrinə göndərirlər. Məhsulun 75-80 faizi maşınların köməyi ilə toplanılır. Pambıqçıların fədakar əməyi nəticəsində indiyədək sahələrdən 13 min tondan çox pambıq yığılıb.

Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, bu il rayonda 13 min 30 hektar sahədə pambıq becərilib. Bunun da 2 min hektardan çoxu Moranlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə əkilib. Kənddə fəaliyyət göstərən 1200–ə yaxın məhsul istehsalçısı becərdikləri sahələrin pambığını son qozasınadək toplamaq üçün bütün qüvvələrini səfərbər ediblər. Fermerlər bu günə kimi 3 min tondan çox məhsul toplayıblar.

Kənddə fəaliyyət göstərən fermer Vaqif Abdullayev ötən il 16 hektar sahənin hər hektarından 38 sentner pambıq yığmaqla 62 ton məhsul təhvil verib. Fermer bu mövsüm əkin sahəsini genişləndirərək 32 hektara çatdırıb. Sahədə bu il də məhsul çoxdur.

“Bu mövsüm 32 hektar sahədə pambıq becərmişəm. Sahəyə nümunəvi qulluq etdiyimdən məhsul ötən ildəkindən də çoxdur. Pambığı maşınlarla toplayıram. Yığım apardığım sahədən indiyədək 64 ton məhsul götürmüşəm. Hələ pambıq çoxdur. Təxmini hesablamama görə, bundan sonra daha 50 ton da məhsul olacaq. Əminəm ki, hər hektarın məhsuldarlığı 40 sentnerə çatacaq”, - deyə fermer bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.