REGİONLAR
Sabirabadlı qadın pambıqçı-mexanizator gələcəkdə taxılbiçən kombayn da sürmək istəyir - REPORTAJ VİDEO
Sabirabad, 27 sentyabr, AZƏRTAC
Hazırda ölkədə pambıq yığımına yüzlərlə kombayn cəlb olunub. Kombaynçılar arasında zərif cinsin nümayəndələri də var. Onlardan biri də Sabirabad rayon sakini Gülsura İbadovadır. Kişi həmkarlarından heç də geri qalmayan xanım mexanizator gündəlik 5-7 hektar sahənin məhsulunu yığır.
AZƏRTAC-ın müxbiri hələ sovetlər dövründə kənd təsərrüfatı texnikalarına meyli olan Gülsura xanımla görüşüb söhbət edib. O, gənc yaşlarında pambıq becərilməsində iştirak etsə də, daha çox traktor-kombayn sürməyə maraq göstərib. Elə bu istəyinin ardınca gedən həmsöhbətimiz mexanizatorlardan bu peşəni öyrənib.
Gülsura İbadova deyir ki, kolxoz sədrinin məsləhəti ilə peşə məktəbinə gedib: “Həmin vaxt qrupumuzda 15 qız vardı. Hamımız məktəbi bitirsək də, bu sənəti davam etdirən tək mənəm”.
1977-ci ildən kombaynın sükanı arxasına keçən Gülsura İbadova çox keçmədən öz işi ilə seçilməyə başlayıb. Daha sonra Göyçayda bu sahə üzrə texnikumu bitirən Gülsura peşəkar kombaynçı olaraq işinə davam edib. O, ailə qursa da, sevdiyi peşəsindən ayrılmayıb. Hazırda 5 övladı, 2 nəvəsi var.
Texnika idarə etməkdən xoşu gəldiyini bildirən kombaynçı xanım deyib: “Şəxsi minik avtomobilimiz var, onu da sürürəm. Ümumiyyətlə, çalışıram texnikaların mexanizmini daha mükəmməl öyrənim. Gələcəkdə taxıl biçən kombayn da işlətmək istəyirəm. Sovet vaxtında ulu öndər Heydər Əliyev tərəfindən təltif olunmağımı heç vaxt unutmaram. Bundan başqa, Özbəkistanda keçirilən yarışda ikinci olmuşam. Ryazan şəhərində pambıqyığan kombaynçıların yarışında iştirak edib 3-cü yeri tutmuşam”.
Kombaynlarla pambıq yığımına başlanılması ilə əlaqədar bir neçə gündür sahələrə çıxan Gülsura İbadova müasir texnikaların da sirlərini öyrənib. Bir müddət təlim keçən müsahibimiz kombaynı texnika parkından Sabirabada da özü sürüb gətirib. Mexanizator xanım yeni kombaynları çox bəyənir, onların məhsulu sürətlə və itkisiz topladığını deyir.