REGİONLAR
Şabran-Siyəzən seçki dairəsi üzrə maarifləndirici treninqlərə aşağı seçki komissiyalarının 420 üzvü cəlb edilib
Şabran, 30 yanvar, Elxan Yusifli, AZƏRTAC
Yanvarın 30-da 54 saylı Şabran-Siyəzən seçki dairəsində Milli Məclisə seçkilərə hazırlıqla əlaqədar aşağı seçki komissiyaları üzvlərinin maarifləndirilməsi proqramı çərçivəsində təşkil olunan treninqlər davam etdirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, fevralın 2-dək davam edəcək treninqlər seçki dairəsinin 70 məntəqəsi üzrə, ümumilikdə, 420 aşağı seçki komissiyası üzvünü əhatə edir.
Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən keçirilən məşğələlər gündə iki dəfə olmaqla, hər sessiyada 36 nəfərədək üzvün iştirakı ilə təşkil edilir.
Əyani vəsaitlərdən istifadə edilməklə keçirilən treninqlərdə məntəqə seçki komissiyalarının üzvləri səsvermə prosesi, seçki prosesində müstəsna hallar, səslərin sayılması və protokolların doldurulması da daxil olmaqla, seçki günü prosedurları barədə ətraflı məlumatlandırılır, praktiki məşğələlər zamanı müxtəlif mövzular ətrafında müzakirələr aparılır və iştirakçıları maraqlandıran suallar cavablandırılır.
Dairə seçki komissiyasının sədri Saleh Təhməzov bildirib ki, treninqlər zamanı hər bir aşağı seçki komissiyası üzvünə Mərkəzi Seçki Komissiyası tərəfindən hazırlanmış “Seçki günü üçün yaddaş kitabçası”, səsvermənin nəticələri haqqında protokol nümunəsi və bir sıra digər zəruri sənəd nümunələri təqdim olunur.
Seçki komissiyasının sədri qeyd edib ki, dairə üzrə 18 namizəd qeydə alınıb. Dəqiqləşdirilmiş son seçici siyahılarına görə, seçicilərin ümumi sayı 52 min 315 nəfərdir.
Aşağı seçki komissiyalarının üzvləri üçün treninqlər şimal bölgəsində 51 saylı Qusar, 52 saylı Quba, 53 saylı Quba-Qusar, 55 saylı Xaçmaz şəhər və 56 saylı Xaçmaz kənd seçki dairəsi dairə seçki komissiyalarının hər birində təşkil edilib.
Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” əsasında təşkil olunan məşğələlər MSK-nın təlim kurslarında iştirak etmiş trenerlər tərəfindən aparılır.