REGİONLAR
Şabran idmançıları stolüstü tennis yarışlarının qalibi olub VİDEO
Şabran, 2 may, Elxan Yusifli, AZƏRTAC
Şabranda ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilmiş şəhərlərarası stolüstü tennis yarışlarına yekun vurulub.
AZƏRTAC xəbər verir ki, Gənclər və İdman Nazirliyi, Şabran rayon təhsil şöbəsi, eləcə də rayon gənclər və idman məktəbinin birgə təşkilatçılığı ilə keçirilən turnirdə 80 yeniyetmə oğlan və qız tennisçi yarışıb.
Bakı, Xırdalan, Quba və Şabrandan olan tennisçilər şəxsi, komanda, qoşa, qarışıq-qoşa növlərdə medallar uğrunda mübarizə aparıb. Ümumi hesabda Şabran tennisçiləri hamıdan çox medal qazanaraq birinci olublar. İkinci yeri Bakı Tennis Məktəbinin komandası, üçüncülüyü isə Quba kollektivi qazanıb.
Turnirdə ilk üç yeri tutan idmançılara Şabran rayon Gənclər və İdman Məktəbinin təsis etdiyi diplom və medallar təqdim olunub. Bununla yanaşı, yarışın qalibləri Azərbaycan çempionatının seçmə mərhələsində iştirak etmək hüququ qazanıb.