REGİONLAR
Şabran məktəbliləri internetin imkanları və təhlükələri barədə məlumatlandırılıb
Bakı, 24 may, AZƏRTAC
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Aztelekom” MMC tərəfindən Şabran rayonunun şəhid Əlimövsüm Quliyev adına Şahnəzərli kənd orta məktəbində “İnternetdə olan imkanlar və təhlükələr” adlı seminar keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu layihə kənd yerlərində yaşayan məktəblilərin internetdən səmərəli istifadəsinin təmin edilməsi, kibertəhlükəsizlik texnologiyaları sahəsində praktiki və nəzəri biliklərinin artırılması üçün nəzərdə tutulub. Seminarda, ilk növbədə, məktəblilərə rabitə və internet haqqında ümumi məlumat verilib, internetin imkanları və təhlükələri barədə danışılıb.
Tədbirin sonunda seminar iştirakçılarının qeyd olunan mövzular üzrə sualları cavablandırılıb.
Xatırladaq ki, bu mövzuda olan seminarlar digər bölgələrdə də təşkil edilib və davamlı keçirilməkdədir.