REGİONLAR
Şabran rayonu üzrə müəllimlərin işə qəbulu müsabiqəsində 114 vakant yer var
Şabran, 24 iyun, Elxan Yusifli, AZƏRTAC
Yeni dərs ili üçün Şabran rayonu üzrə müəllimlərin işə qəbulu müsabiqəsində rayondan 114 vakant iş yeri göstərilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonun ümumtəhsil ocaqlarında daha çox fizika, coğrafiya, musiqi və təsviri incəsənət fənləri üzrə ixtisaslı kadrlara ehtiyac var.
Rayonda müəllimlərin işə qəbulu müsabiqəsindən öncə təşkil edilən pedaqoji kadrların yerdəyişməsindən 23 pedaqoq faydalanıb. Onlardan 8-i iş yerini rayondaxili, 15-i isə digər rayonlara dəyişib. Yerdəyişmə müsabiqəsində 12 yeni müəllim Şabrana təyinat alıb.
Hazırda rayondakı 48 tədris mərkəzində 1000 nəfərə yaxın pedaqoq çalışır. Əsas kadr çatışmazlığı rayon mərkəzindən uzaq məsafədə yerləşən kənd tədris ocaqlarındadır.
Şabran Rayon Təhsil Şöbəsindən bildirilib ki, işə qəbul müsabiqəsində iştirak etmək istəyən namizədlər miq.edu.az saytında qeydiyyatdan keçməlidir. Elektron sənəd qəbulu iyulun 3-dək davam edəcək. Müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş, dövlət nümunəli təhsil sənədi (diplom) almış və ya xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış Azərbaycan Respublikası vətəndaşları və ya ölkəmizdə daimi yaşamaq üçün icazə verilmiş şəxslər iştirak edə bilərlər.