REGİONLAR


Şabran rayonunda Padar avtomobil yolunun yenidən qurulması işləri yekunlaşır VİDEO

Bakı, 5 avqust, AZƏRTAC

Prezident İlham Əliyevin yol infrastrukturunun yenidən qurulmasının davam etdirilməsi ilə bağlı tövsiyə və tapşırıqlarına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən cari ildə də respublika üzrə müxtəlif yol infrastrukturu layihələri həyata keçirilir ki, bura magistral, respublika və yerli əhəmiyyətli yollar daxildir.

Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, onlardan biri də respublika əhəmiyyətli Gəndob-Xaçmaz-Yalama-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 6-cı kilometrindən ayrılan və Padar kəndinə gedən avtomobil yoludur.

Sözügedən yolun uzunluğu 2500 metr olmaqla, 600 əhalinin yaşadığı yaşayış məntəqəsinə qədər rahat gediş-gəlişi təmin edəcək. Yolun layihə üzrə hərəkət hissəsinin eni 6 metr, çiyinlərin eni isə hər bir istiqamət üzrə 2 metr təşkil edəcək.

Hazırda avtomobil yolu IV texniki dərəcəyə uyğun yenidən qurulur. Belə ki, tikinti layihəsinə uyğun olaraq, yolun qabarmış və çökmüş hissələrinin qazılaraq çıxarılması, qazılmış hissələrinin doldurulması, yolun torpaq yatağının qaldırılması və genişləndirilməsi, qruntun hissə-hissə avtoqreyderlə yayılması və lay-lay kipləşdirilməsi işləri aparılıb. Yolun müəyyən hissəsində genişləndirilməsi, optimal-qırmadaş qarışığı ilə əsasın alt layının, qum-çınqıl qarışığından isə əsasın üst layının tikintisi işləri görülüb.

Marşrutboyu yararsız hala düşmüş müxtəlif diametrli suötürücü borular yeniləri ilə əvəz edilib və zəruri yerlərdə müxtəlif diametrli dəmir-beton borular quraşdırılıb.

“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, hazırda yolboyu iri və xırda dənəli asfalt-beton qarışığından örtüyün alt və üst layının tikintisi işləri aparılır. Sonda hərəkətin normal təşkili üçün yol nişanları, kilometr göstəriciləri və siqnal dirəkləri quraşdırılacaq, üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq.

Texnoloji ardıcıllığa uyğun aparılan yenidənqurma işləri kənd əhalisinin gediş-gəlişinin rahatlaşmasına gətirib çıxarmaqla yanaşı, yük və sərnişin daşımasını da asanlaşdıracaq.

Tərtib olunmuş qrafikə uyğun işlərin qısa müddət ərzində yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.