REGİONLAR
Şabran rayonunun Taxtalar kəndində yeni məktəb binası istifadəyə veriləcək
Şabran, 9 sentyabr, Elxan Yusifli, AZƏRTAC
Bu il ali məktəblərə qəbul imtahanlarında iştirak edən 420 nəfər şabranlı abituriyentdən 126 nəfəri tələbə adını qazanıb. Bununla yanaşı, cari ilin məzunlarından 5 nəfər xüsusi təyinatlı təhsil müəssisələrinə, 2 nəfər isə xarici ölkələrin ali məktəblərinə qəbul olunub. Rayon üzrə 9 məzun 500–dən yuxarı bal toplayıb. Ağbaş kənd tam orta məktəbin məzunu Dilbər İdrisova rayon üzrə ən yüksək (639 bal) nəticə göstərərək Bakı Dövlət Universitetinin tarix fakültəsinə qəbul olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Şabran rayon təhsil işçilərinin ənənəvi sentyabr konfransında məlumat verilib.
Tədbir iştirakçıları konfransdan əvvəl ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Konfransda Şabran Rayon İcra Hakimiyyətinin, Təhsil Nazirliyinin nümayəndələri, məktəb direktorları, təhsil işçiləri, müəllimlər, yüksək bal toplayan məzunlar və rayon ziyalıları iştirak ediblər.
Şabran rayon Təhsil Şöbəsinin müdiri Emin Mövsümov məruzəsində rayonda təhsil sahəsindəki yeniliklərdən, cari və əsaslı təmir edilən məktəb binalarından, məzunların buraxılış imtahanlarında və qəbul imtahanlarında göstərdikləri nəticələrdən danışıb. Bildirilib ki, Şabranda 20 orta, 17 əsas, 10 ibtidai məktəb və 5 məktəbdənkənar tərbiyə müəssisəsi fəaliyyət göstərir. Ötən tədris ilində ümumtəhsil məktəblərində 8 min 38 nəfər şagird təhsil alıb. Onların təlim-tərbiyəsi ilə 920 müəllim məşğul olub.
Qeyd edilib ki, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, yeni məktəb binalarının tikintisi bu gün dövlətimizin diqqət mərkəzində duran əsas məsələlərdəndir. Şabran rayonunda da son illərdə bu sahədə xeyli iş görülüb. Büdcə vəsaiti hesabına Taxtalar kəndində tikilən ikimərtəbəli, 80 yerlik yeni məktəb binasının tikintisində son tamamlanma işləri aparılır. Yaxın vaxtlarda yeni məktəb qapılarını şagirdlərin üzünə açacaq.
Konfransda Təhsil Nazirliyinin nümayəndəsi İsmayıl Sadıqov çıxış edərək "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın istiqamətləri üzrə fəaliyyətdən, ümumtəhsil müəssisələrində təmayülləşmə və digər aktual məsələlərdən söz açıb.
Daha sonra 2016/2017-ci dərs ilində qarşıda duran məsələlər müzakirə olunub.
Konfransın sonunda qəbul imtahanlarında yüksək nəticə göstərən məzunlar, təhsildə yüksək nailiyyət əldə edən müəllim və məktəb direktorları fəxri fərman və müxtəlif hədiyyələrlə təltif ediliblər.