CƏMİYYƏT
Şabran rayonunun məktəbliləri narkomaniyanın fəsadlarına dair maarifləndiriliblər
Bakı, 26 fevral, AZƏRTAC
Şabran Rayon Polis Şöbəsinin və Veteranlar Şurasının təşkilatçılığı ilə rayonun Aygünlü kənd tam orta məktəbində “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-a bildiriblər ki, tədbirdə rayon icra hakimiyyətinin, gənclər və idman idarəsinin nümayəndələri, məktəbin pedaqoji heyəti və yuxarı sinif şagirdləri iştirak ediblər.
Rayon polis şöbəsinin rəisi, polis polkovniki Məhəmməd İbrahimov çıxış edərək insanların sağlamlığı üçün ciddi təhlükə olan narkomaniyanın mənfi amillərindən söz açıb. Bildirib ki, bu maddələrin insanda yaratdığı asılılıq həmin şəxsi uçuruma sürükləyərək, onun həyatını məhv edir. Bir müddət keçdikdən sonra isə narkomana çevrilmiş şəxs artıq cəmiyyətdən təcrid olunmağa başlayır, insanlardan uzaqlaşaraq öz əməlləri ilə ölümünü yaxınlaşdırır.
Şabran Rayon Polis Şöbəsinin veteranlar şurasının sədri, istefada olan polis polkovnik-leytenantı Valeh Sadıqov, polis şöbəsinin əməkdaşları Mübariz Zəkəryəyev və Araz Bayramov, eləcə də digərləri çıxışlarında şagirdlərə sağlam, vətənpərvər vətəndaş kimi yetişmələri üçün tövsiyələrini verib, onları zərərli vərdişlərdən uzaq olmağa çağırıblar.
Görüşün sonunda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.