ELM VƏ TƏHSİL


“Şabran şəhəri” Tarixi Qoruğu ərazisində qədim tikililər aşkarlanıb

Bakı, 29 oktyabr, AZƏRTAC

Sentyabrda və oktyabr ayının əvvəllərində AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Səfər Aşurovun rəhbərliyi altında Şabran arxeoloji ekspedisiyası Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədinədək yeni çəkilən avtomobil yolunun “Şabran şəhəri” Tarixi Qoruğu ərazisinə düşən hissəsində arxeoloji qazıntı işləri aparıb.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, qazıntı işləri həmin ərazidə əhəmiyyətli memarlıq abidələrinin, tikililərin olub-olmadığını yoxlamaq, eyni zamanda, qədim şəhərin sərhədlərini müəyyənləşdirmək məqsədilə həyata keçirilib.

Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədinədək çəkilməkdə olan yolun “Şabran şəhəri” Tarixi Qoruğu ərazisinə düşən hissəsindəki ərazi boyunca arxeoloji qazıntı altı kvadrat qoyulmaqla aparılıb. İlkin tədqiqatlar nəticəsində çay daşları ilə döşənmiş küçələr, bişmiş kərpic və çay daşlarından hörülmüş divar qalıqları aşkar olunub. Eyni zamanda, kvadratlardan birində bir neçə təndir aşkarlandığı üçün buranın təndirxana olduğu ehtimal edilir. Ərazidən kəhriz olması ehtimal edilən bişmiş kərpicdən ibarət tikili qalığı da üzə çıxarılıb. Qazıntı ərazisindən, həmçinin su borusu yerləri, çoxlu sayda qırmızı, yaşıl və göy rəngli şirli qablar, metaldan hazırlanmış silahlar, bəzək əşyaları və s. aşkar edilib. Kvadratlardan birində arxeoloji qazıntı 4 metr dərinliyə qədər aparılıb.

Aşkar olunmuş tikinti qalıqları və maddi mədəniyyət nümunələri ilkin tədqiqatlara əsasən XI-XV əsrlərə aid edilib.

Səfər Aşurovun bildirdiyinə görə, “Şabran şəhəri” Tarixi Qoruğu ilə bağlı aparılan tədqiqatlar Şirvanşahlar dövlətinin, bütövlükdə isə Azərbaycan tarixinin daha dərindən öyrənilməsi baxımından müstəsna əhəmiyyətə malikdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.