REGİONLAR


“Şabran şəhəri” Tarixi Qoruğuna gələn turistlərin 15 faizi əcnəbilərdir VİDEO

Qoruqda aparılan qazıntılar zamanı Xaqani Şirvaninin saxlanıldığı həbsxana aşkara çıxarılıb

Şabran, 25 iyul, Elxan Yusifli, AZƏRTAC

Bu il ərzində “Şabran şəhəri” Tarixi Qoruğuna 2 minə yaxın turist gəlib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ölkəmizin şimal bölgəsindəki əsas turizm mərkəzlərinə aparan yolun üzərində yerləşməsi bu tarixi məkanı turistlər üçün daha cəlbedici edir. Əsası eramızdan əvvəl I minilliyin ortalarında qoyulduğu ehtimal edilən Şabran şəhərinin qalıqları ilə tanış olanların 15 faizi əcnəbi turistlərdir.

“Şabran şəhəri” Tarixi Qoruğunda aparılan qazıntılar zamanı Xaqani Şirvaninin saxlanıldığı həbsxananın aşkara çıxarılması turistlərin diqqətini çəkən əsas məqamlardan biridir. Belə ki, bədxah saray şairlərinin haqsız hücumlarına məruz qalan Xaqani Şirvani 1156-cı ildə Məkkəyə ziyarət bəhanəsi ilə Şirvanı tərk etməyə məcbur olub. Xaqani Şirvani Şirvandan getməyə cəhd göstərərkən həbs olunaraq Şabran qalasına salınıb və 7 ay burada saxlanılıb.

Gələcəkdə qoruq ərazisindən toplanan eksponatların nümayiş etdirildiyi muzeyin tikilməsi də nəzərdə tutulub.

“Şabran şəhəri” Tarixi Qoruğunun əməkdaşı Şirəli Şirəliyev bildirib ki, gələcəkdə qədim şəhərin qalıqları üzərində kompleksin yaradılması nəzərdə tutulub. Bu, qoruğa daha çox yerli, həm də xarici turistin gəlməsinə şərait yaradacaq. Tarixi məkanı regionun əsas turizm mərkəzlərindən birinə çevirmək məqsədi ilə xüsusi tədbirlər planı hazırlanır.

Qoruğa gələn turistləri məlumatlandırmaq üçün Azərbaycan, ingilis və rus dillərində yazılmış bukletlər, məlumat kitabçaları və disklər ziyarətçilərə təqdim olunacaq.

Qeyd edək ki, qədim Şabran şəhərinin ərazisi ümummilli lider Heydər Əliyevin 2003-cü ildə imzaladığı Sərəncamla tarix-memarlıq qoruğu elan edilib. “Şabran şəhəri” Tarixi Qoruğu ilə bağlı aparılan tədqiqatlar istər 677 il mövcud olmuş Şirvanşahlar dövlətinin, istərsə də bütövlükdə Azərbaycan tarixinin daha dərindən öyrənilməsi baxımından müstəsna əhəmiyyətə malikdir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.