REGİONLAR
“Şabran şəhəri” Tarixi Qoruğuna gələn turistlərin 20 faizi əcnəbilərdir VİDEO
Şabran, 13 aprel, Elxan Yusifli, AZƏRTAC
Bu ilin üç ayı ərzində “Şabran şəhəri” Tarixi Qoruğuna 1300-ə yaxın turist gəlib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əsası eramızdan əvvəl I minilliyin ortalarında qoyulduğu ehtimal edilən Şabran şəhərinin qalıqları ilə tanış olanların 20 faizi əcnəbi turistlərdir.
“Şabran şəhəri” Tarixi Qoruğunun direktoru Məmmədmusa Məmmədov bildirib ki, yaxın gələcəkdə qədim şəhərin qalıqları üzərində kompleksin yaradılması nəzərdə tutulub. Bu, qoruğa daha çox yerli, həm də xarici turistin gəlməsinə şərait yaradacaq. Tarixi məkanı regionun əsas turizm mərkəzlərindən birinə çevirmək məqsədi ilə xüsusi tədbirlər planı hazırlanır.
Qoruğa gələn turistləri məlumatlandırmaq üçün Azərbaycan, ingilis və rus dillərində yazılmış bukletlər, məlumat kitabçaları və disklər ziyarətçilərə təqdim olunacaq.
Bununla yanaşı, gələcəkdə qoruq ərazisindən toplanan eksponatların nümayiş etdirildiyi muzeyin tikilməsi də nəzərdə tutulub.
Məmmədmusa Məmmədov bildirib ki, “Şabran şəhəri” Tarixi Qoruğunda aparılan qazıntılar zamanı Xaqani Şirvaninin saxlanıldığı həbsxananın aşkara çıxarılması turistlərin diqqətini çəkən əsas məqamlardan biridir. Belə ki, bədxah saray şairlərinin haqsız hücumlarına məruz qalan Xaqani Şirvani 1156-cı ildə Məkkəyə ziyarət bəhanəsi ilə Şirvanı tərk etməyə məcbur olub. Xaqani Şirvani Şirvandan getməyə cəhd göstərərkən həbs olunaraq Şabran qalasına salınıb və 7 ay burada saxlanılıb.
Qeyd edək ki, qədim Şabran şəhərinin ərazisi ümummilli lider Heydər Əliyevin 2003-cü ildə imzaladığı Sərəncamla tarix-memarlıq qoruğu elan edilib. “Şabran şəhəri” Tarixi Qoruğu ilə bağlı aparılan tədqiqatlar istər 677 il mövcud olmuş Şivanşahlar dövlətinin, istərsə də bütövlükdə Azərbaycan tarixinin daha dərindən öyrənilməsi baxımından müstəsna əhəmiyyətə malikdir.