MƏDƏNİYYƏT
Şabran və Siyəzən məktəblilərinin Gəncə-Göygöl-Şəmkir marşrutu üzrə maarifləndirici tur-aksiyası başlandı VİDEO
Şabran-Siyəzən, 13 avqust (AZƏRTAC, Elxan Yusifli). Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, avqustun 1-dən sentyabrın 6-dək respublikamızın şəhər və rayonlarının IX-XI sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi ilə maarifləndirici tur-aksiyalar keçirilir.
AZƏRTAC xəbər verir ki, avqustun 13-də Şabran rayonunun ümumtəhsil məktəblərinin şagirdlərindən ibarət qrup Gəncə-Göygöl-Şəmkir marşrutu üzrə tur-aksiyada iştirak etmək üçün yola düşdü. Tur-aksiyada 40 şagirdlə bərabər, 5 müşayiətçi də yer alıb.
Şabran şəhərindəki Heydər Əliyev Mərkəzinin qarşısında şagirdlərin yola salınması mərasimi keçirildi. Tədbirdə rayon icra hakimiyyətinin, təhsil və turizm şöbələrinin nümayəndələri, müəllimlər və valideynlər iştirak edirdilər.
Avqustun 12-də Siyəzən rayonunun ümumtəhsil məktəblərinin şagirdlərindən ibarət qrup da eyni marşrut üzrə tur-aksiyaya başladı.
Məktəblilərin təntənəli yolasalma mərasimində qeyd olundu ki, dövlətimizin başçısının tapşırığına əsasən həyata keçirilən bu mühüm kampaniya, ümumilikdə, ölkəmizin 67 şəhər və rayonundan 14 minə yaxın şagirdi əhatə edir.
Siyəzənli şagirdlər Gəncə-Göygöl-Şəmkir marşrutu üzrə ekskursiya edərək bu bölgənin qədim tarixi, mədəniyyət abidələri, müasir park və xiyabanları, turizm obyektləri ilə yaxından tanış olmaq imkanı qazanacaqlar.