REGİONLAR
Şabran və Siyəzəndə Asiya çəyirtkələrinə qarşı mübarizə tədbirləri aparılır VİDEO
Şabran, 8 iyul, Elxan Yusifli, AZƏRTAC
Şabran və Siyəzən rayonları ərazisində yayılmış Asiya çəyirtkələrinə qarşı mübarizə tədbirləri aparılır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, xüsusi təhlükəli zərərverici olan çəyirtkəkimilərə qarşı mübarizə tədbirləri Aqrar Xidmətlər Agentliyinin rayonlar üzrə bitki mühafizəsi sahəsində fəaliyyət göstərən yerli qurumları tərəfindən xüsusi karantin rejimi dövründə Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tələblərinə ciddi riayət edilməklə həyata keçirilir.
Asiya çəyirtkələri Şabran və Siyəzən rayonlarının lokal ərazilərində iyun ayının sonlarında ölkədə güclü şimal-şərq küləklərindən sonra müşahidə olunmağa başlayıb. Çəyirtkələrin Rusiya Federasiyası Dağıstan Respublikası ərazisindən ölkəmizə miqrasiya etdiyi ehtimal olunur.
Aqrar Xidmətlər Agentliyinin əməkdaşlarından ibarət monitorinq qrupu yaradılaraq çəyirtkə dəstələrinin uçuş koordinatları və ümumi ərazi müəyyənləşdirilib. Sirayətlənmiş 500 hektar ərazidə mobil ultra kiçik həcmli çiləyici aqreqatlarla təchiz olunmuş avtomaşınlar və yerüstü çiləyicilər cəlb olunmaqla “Arrivo” preparatı ilə kimyəvi mübarizə tədbirləri həyata keçirilib.
Mübarizə tədbirlərinin vaxtında, həmçinin optimal müddətdə və mobil texnikalar vasitəsilə aparılması nəticəsində çəyirtkə miqrasiyasının ziyan vurma həddi minimuma endirilib. Hazırda həmin ərazilərdə fitosanitar müşahidələr davam etdirilir, aşkarlanan xırda dəstələrə qarşı mübarizə tədbirləri görülür.
Aqrar Xidmətlər Agentliyi kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan fermer və sahibkarların nəzərinə çatdırır ki, təsərrüfatlarında adıçəkilən zərərverici müşahidə edildiyi halda, dərhal agentliyin müvafiq yerli qurumlarına (Rayon Bitki Mühafizəsi Mərkəzlərinə) və ya Kənd Təsərrüfatı Nazirliyinin 1652 Çağrı mərkəzinə məlumat verilsin.