REGİONLAR
Şabranda 100 kilometrdən artıq torpaq kanal beton kanalla əvəzlənib VİDEO
Şabran, 9 aprel, AZƏRTAC
Kənd təsərrüfatının inkişafı, ilk növbədə, suvarma suyundan asılıdır. Heç kimə sirr deyil ki, bol məhsuldarlıq əldə etmək üçün sahələrin vaxtında suvarılması vacib şərtdir. Bu məqsədlə Şabranda yeni suvarma mövsümünə ciddi hazırlıq işləri aparılır.
Şabran Suvarma Sistemləri İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Şabranda 27 min hektar əkinəyararlı torpağı suvarmaq üçün 764 kilometr uzunluğunda təsərrüfatdaxili və təsərrüfatlararası suvarma kanalından istifadə edilir. Sahələrin vaxtında və itkisiz suvarılmasını təmin etmək məqsədi ilə 100 kilometrdən artıq torpaq kanal beton kanalla əvəzlənib.
Həmçinin sahələrin vaxtında suvarılmasını düzgün təşkil etmək məqsədilə su kanalları lil və kol-kosdan təmizlənir. Görülən işlər nəticəsində kanalların ötürücülük qabiliyyəti artırılır ki, bu da su itkisinin qarşısını alır. Kanalların təmizlənməsi işlərinə 12 ədəd ağır texnika cəlb olunub.
Görülən tədbirlərin nəticəsidir ki, təsərrüfat sahibləri rahat şəkildə sahələri suvara bilirlər. Bu da öz növbəsində fermerlərə bol məhsul əldə etməyə və sahələrini daha da genişləndirməyə şərait yaradır.
Qeyd edək ki, 2019-cu ildə aparılan melorativ tədbirlərdən sonra Şabranda 9 min hektar sahə əkin dövriyyəsinə cəlb olunub. Əkinə yeni cəlb edilən sahələrin suvarılması məqsədi ilə ərazidə yeni qapalı sistem yaradılıb.