REGİONLAR
Şabranda 24 min baş heyvan qarayara xəstəliyinə qarşı peyvənd ediləcək
Şabran, 30 yanvar, Elxan Yusifli, AZƏRTAC
Yanvarın əvvəlindən başlayaraq Şabrandakı şəxsi və fermer təsərrüfatlarında brusellyoza qarşı seroloji müayinələr və qarayara xəstəliyinə qarşı peyvəndləmə işləri aparılır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu günə kimi rayonda 14 min 200 baş iribuynuzlu heyvan qarayaraya qarşı peyvənd olunub.
Təsərrüfatlarda heyvanlardan alınan qan nümunələri baytarlıq laboratoriyalarında yoxlanıldıqdan sonra nəticələri barədə 2-3 gün ərzində fermerə məlumat verilir. Əgər virus aşkarlanarsa, xəstə heyvan müvafiq qaydada təsərrüfatdan kənarlaşdırılır.
Şabran Rayon Baytarlıq İdarəsinin rəisi Nizaməddin Əliyev bildirilib ki, fevral ayının 10-na kimi rayonda saxlanılan 24 min başa yaxın heyvan qarayara xəstəliyinə qarşı peyvənd ediləcək. Eyni zamanda, xəstəliklərə qarşı profilaktiki tədbirlərin aparılması məqsədilə fermerlər arasında maarifləndirmə işi aparılır, onlara müvafiq dərmanlar paylanılır.
Dövlət vəsaiti hesabına aparılan tədbirlər rayonda yerləşən sahə baytarlıq məntəqələri tərəfindən həyata keçirilir.