REGİONLAR
Şabranda 25 kilometrlik avtomobil yolu yenidən qurulur
Bakı, 10 oktyabr, AZƏRTAC
Şabran rayonunda uzunluğu 25 kilometr olan IV texniki dərəcəyə uyğun Surra-Düz Bilici-Qorğan-Çinarlar avtomobil yolu yenidən qurulur.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, hazırda yolun müəyyən hissəsinin genişləndirilməsi işləri ilə yanaşı, yol əsasının üst layının tikintisi işlərinə başlanılıb. Marşrutboyu 16 ədəd yararsız hala düşmüş müxtəlif diametrli dairəvi suötürücü dəmir-beton boruların yeniləri ilə əvəz edilməsi və izolyasiyası işləri aparılıb. Bundan başqa, 2 yerdə düzbucaqlı su keçidi, 2 nöqtədə 1 aşırımlı dəmir-beton konstruksiyalı körpünün tikintisi də layihə üzrə yerinə yetirilib. Daha sonra yolboyu iri və xırda dənəli asfalt-beton qarışığından örtüyün alt və üst layının tikintisi işlərinin görülməsinə də başlanılıb. Asfaltlanma işləri yolun 150 min kvadratmetrdən çox sahəsini əhatə edir.
Son mərhələdə isə hərəkətin normal təşkili üçün yol nişanları, kilometr göstəriciləri və siqnal dirəkləri quraşdırılacaq, üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq.
Surra-Düz Bilici-Qorğan-Çinarlar avtomobil yolu 9 yaşayış məntəqəsini əhatə etməklə 4 minədək vətəndaşın rayon mərkəzinə, oradan da respublikanın istənilən nöqtəsinə rahat gediş-gəlişini təmin edəcək, yeni turizm marşrutların yaranmasına şərait yaradacaq.