REGİONLAR
Şabranda 2723 şagird “Yay məktəbi”nə qoşulub
Şabran, 24 iyun, Elxan Yusifli, AZƏRTAC
Şabran rayonunun ümumi təhsil müəssisələrində 2723 şagird “Yay məktəbi”nə cəlb olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonda 28 məktəbdə açıq havada “Yay məktəbi” təşkil edilib. Bunlardan 8-i şəhər, 20-si isə kənd məktəbləridir.
Şabran Rayon Təhsil şöbəsinin aparıcı məsləhətçisi Gülər Hüseynova bildirib ki, “Yay məktəbi” şagirdlərin zəruri bilik və bacarıqlarının möhkəmləndirilməsi, öyrənilənlərin ümumiləşdirilməsi məqsədilə təşkil edilir. I-IV siniflərdə tədris həftədə 5 dəfə gündəlik 4 saat olmaqla, V-X siniflərdə isə həftədə 5 dəfə gündəlik 3-4 saat olmaqla təşkil olunur.
Şagirdlər məşğələlərə könüllü qoşulub. Rayonun qabaqcıl təhsil ocaqlarından olan Şabran şəhər Samir Zülfüqarov adına 3 nömrəli tam orta məktəbin 900 şagirdindən 632-si “Yay məktəbi”ndə iştirak edir.
“Yay məktəbi” iyunun 30-dək davam edəcək.