REGİONLAR
Şabranda 34 uşaq vaxtından əvvəl birinci sinfə qəbul olunub
Şabran, 9 avqust, Elxan Yusifli, AZƏRTAC
Şabran Rayon Təhsil Şöbəsində xüsusi istedadı ilə fərqlənən uşaqların vaxtından əvvəl I sinfə qəbulu üçün aparılan müsahibədə 35 uşaq iştirak edib. Onlardan yalnız biri müsahibədən keçə bilməyib. Digər 34 müsahibə iştirakçısı isə sentyabr ayından birinci sinifdə oxuyacaq.
AZƏRTAC xəbər verir ki, 6 yaşı sentyabrın 16-dan dekabrın 31-dək tamam olan istedadlı uşaqlarla müsahibəni aparan komissiyanın tərkibi psixoloq, həkim, ibtidai sinif müəllimi və metodistdən ibarətdir.
Bacarıqlarının aşkara çıxarılması üçün uşaqlara 4 istiqamətdə suallar verilir. Hər istiqamət üzrə suala cavab 5 ballıq şkala ilə qiymətləndirilir. Ən azı 15 bal toplamış uşaq zəruri zehni keyfiyyətlərə malik hesab olunur. Komissiya müəyyən edilmiş zehni keyfiyyətlərlə yanaşı, uşağın psixoloji dayanıqlılığını, fiziki durumunu və səhhətini də qiymətləndirib yekun rəy hazırlayır.