REGİONLAR
Şabranda 9 min hektar suvarılmayan sahə ilk dəfə su ilə təmin olunub VİDEO
Şabran, 20 oktyabr, Elxan Yusifli, AZƏRTAC
Şabran rayon ərazisində mövcud suvarılan torpaqların su ilə təminatının yaxşılaşdırılması və yeni suvarılan torpaqların istifadəyə verilməsi məqsədilə görülən işlərin 50 faizi yekunlaşıb. Meliorasiya tədbirləri, ümumilikdə, 32 min hektar sahəni əhatə edəcək.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsi çərçivəsində həyata keçirilən işlər nəticəsində son iki il ərzində Şabran rayonunda 9 min hektar suvarılmayan sahə ilk dəfə su ilə təmin olunub. Layihəyə əsasən, ilk dəfə suvarılacaq torpaqların ümumi sahəsi 14 min hektara çatdırılacaq. Bununla yanaşı, görülən işlər nəticəsində 18 min hektar mövcud suvarılan torpaqların su ilə təminatının yaxşılaşdırılması da mümkün olacaq.
İş icraçısı Xanlar Hətəmov bildirib ki, suvarılmayan sahələrin ilk dəfə su ilə təmin olunması üçün tutumu 1 milyon kubmetr olacaq süni gölün inşası sürətlə davam etdirilir. Rayonun Dəvəçikənd ərazisində yaradılan göl Vəlvələ-Taxtakörpü kanalından götürülən su hesabına doldurulacaq. Süni gölün tikintisinə 2016-cı ildə başlanılıb. Bu müddətdə 175 kilometr su xətti çəkilib, 290 kilometr kollektor-drenaj şəbəkəsi qurulub.
Rayon ərazisində mövcud suvarılan torpaqların su ilə təminatının yaxşılaşdırılması və yeni suvarılan torpaqların istifadəyə verilməsi üçün göldə toplanan su əhəmiyyətli rol oynayacaq. Bununla yanaşı, torpaqların suvarılması üçün Taxtakörpü su anbarından diametri 1800 millimetr olan borularla yeni su xətti də çəkilir.
Layihənin icrasının 2019-cu ilin sonunadək başa çatdırılması nəzərdə tutulub.
Rayonda yeni istifadəyə veriləcək suvarılan torpaqlarda taxıl və yem bitkilərinin əkilməsi nəzərdə tutulub.