CƏMİYYƏT


Şabranda “Müasir cəmiyyətdə gənclər və mənəviyyat” mövzusunda seminar-müşavirə keçirilib

Bakı, 30 iyul, AZƏRTAC

İyulun 30-da Şabran rayonunda Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı və Şabran Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Müasir cəmiyyətdə gənclər və mənəviyyat” mövzusunda seminar-müşavirə keçirilib.

Fonddan AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edən Şabran Rayon İcra Hakimiyyəti başçısının müavini Fikrət Nuşiyev müasir Azərbaycan gəncinin mənəviyyatlı olaraq yetişməsi üçün onun, ilk növbədə, vətənpərvər yetişməsi, ölkəni sevməsi, əxlaqi və milli-mənəvi dəyərlərə sadiq qalmasının vacibliyini diqqətə çatdırıb.

Fondun icraçı direktorunun müavini Ceyhun Əliyev qeyd edib ki, mənəviyyat insanda olan ən dəyərli keyfiyyətlərin cəmidir. İnsanın münasibətlərində, davranışlarında onun mənəviyyatı təzahür edir. İnsanların bir-birinə ehtiramı, xeyirxahlığı, mərhəməti, ədalətli davranışı mənəvi keyfiyyətlər hesab olunur. Əgər bu keyfiyyətlər insanın ruhunda, düşüncəsində yer alırsa, bu, onun həyatında özünü göstərir, əxlaqında özünü büruzə verir.

Jurnalist Araşdırmaları İctimai Birliyinin sədri, jurnalist ekspert Seymur Verdizadə bildirib ki, Azərbaycan xalqının çox zəngin milli-mənəvi dəyər xəzinəsi var. Biz gözümüzü açandan evdə bu dəyərləri görür və bu ruhda tərbiyə olunuruq. İnsanın gücü onun mənəvi zənginliyindədir. Əlbəttə ki, fiziki sağlamlıq, intellektuallıq, savadlılıq insanın ən dəyərli keyfiyyətləri sırasına daxildir.

DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev bildirib ki, mənəviyyat, ilk növbədə, insanın özünə, ailəsinə və yaxınlarına qarşı sevgidən, hörmətdən başlayır. Bu baxımdan mənəvi olaraq güclü inkişaf edən hər bir vətəndaş heç şübhəsiz ki, cəmiyyətdə də öz yüksək mövqeyini qoruyacaq və bir vətəndaş kimi Azərbaycanın inkişafına öz töhfəsini verəcək.

Seminar-müşavirənin yekununda iştirakçılarla geniş fikir mübadiləsi aparılıb və onları maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.