REGİONLAR
Şabranda Novruz bayramına həsr olunan at yarışları keçirilib VİDEO
Şabran, 14 mart, Elxan Yusifli, AZƏRTAC
Martın 14-də Şabran rayonunun Rəhimli kəndində Novruz bayramı münasibətilə təşkil olunan ənənəvi at yarışlarının qalibi müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, yarışın final mərhələsində birincilik uğrunda 20 çapar mübarizə aparıb. Finalçılar 68 kəndi təmsil edən iştirakçılar arasından seçilib.
İsrail Dövlətinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Dan Stavda da Şabran rayon ictimaiyyəti nümayəndələri ilə birlikdə at yarışlarının final mərhələsini izləyənlər arasında olub.
Mərasimdə milli mətbəximizin nümunələri nümayiş etdirilib, yerli incəsənət nümayəndələrinin ifasında konsert proqramı təşkil olunub.
Bayram tonqalı alovlandırıldıqdan sonra ötən il keçirilən yarışın qalibi Mirxəlil Ağayev Dövlət himninin sədaları altında Azərbaycan bayrağını yüksəkliyə qaldırıb.
Tədbirdə çıxış edənlər turnirin əhəmiyyətindən danışaraq bildiriblər ki, tərbiyəvi əhəmiyyətə malik, xalqımızın qəhrəmanlığını simvolizə edən bu kimi qədim adət-ənənələrin təbliği olduqca vacibdir.
Altı mərhələdən ibarət yarışda Anar Məstanov “Göydəmir” ləqəbli atı ilə qalib gəlib. Məmmədağa Eynalov ikinci, Cəlil Qasımov isə yarışı üçüncü pillədə başa vurub. Bütün iştirakçılara həvəsləndirici mükafatlar, finişə birinci çatan Anar Məstənova isə yarışın kuboku təqdim olunub.
Şabranda artıq 10-cu ildir ki, Novruz bayramı ərəfəsində at yarışları təşkil edilir.