REGİONLAR
Şabranda dekorativ bəzək ağaclarında zərərli orqanizm olan Amerika ağ kəpənəyi aşkarlanıb
Bakı, 24 may, AZƏRTAC
Cari ilin may ayının əvvəllərindən etibarən Azərbaycan Respublikası ərazisində karantin tətbiq edilən zərərli orqanizm olan Amerika ağ kəpənəyinə (Hyphantria cunea Drury, 1773) qarşı fitosanitar monitorinqlərə və mübarizə tədbirlərinə start verilib.
AZƏRTAC xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri tərəfindən Astara, Lənkəran, Quba, Qusar, Xaçmaz və Şabran rayonları ərazisində, ümumilikdə, 12550 hektar sahədə müşahidə aparılıb.
Müşahidələr nəticəsində Şabran rayonu ərazisində 0,6 hektar sahədə 32 dekorativ bəzək ağacında zərərvericinin birinci nəslinə aid tırtıllar aşkarlanıb və sirayətlənmiş budaqlar kəsildikdən sonra sahədən kənarda yandırılma yolu ilə məhv edilib.
Amerika ağ kəpənəyinin tırtılları tərəfindən yarpaqların yeyilməsi (defolyasiyası) bitkilərin zəifləməsinə, çoxsaylı zədələnmələr nəticəsində isə məhv olmasına səbəb olur. Tırtılların tükcükləri insanlarda allergiya yarada bilir. Amerika ağ kəpənəyi əsasən kənd təsərrüfatı və sənaye yükləri arasında nəqliyyat vasitələri ilə daşınmaqla yayılır. Bununla yanaşı, kəpənəklər aktiv olaraq qısa məsafələrə uça bilir.