REGİONLAR


Şabranda epizootiya əleyhinə profilaktik tədbirlər aparılır

Bakı, 21 yanvar, AZƏRTAC

Ölkə ərazisində epizootik sabitliyin təmin edilməsi və zoonoz xəstəliklərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. Bu məqsədlə 2019-cu ilin ilk günlərindən başlayaraq Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) yerlərdə "Epizootiya əleyhinə profilaktika, diaqnostika tədbirlər planı"na uyğun olaraq, iti yoluxucu xəstəliklərə qarşı profilaktiki peyvəndləmə, diaqnostik müayinə, dehelmentizasiya, dezinfeksiya, dezinseksiya və digər tədbirlər aparır.

DBX-dən AZƏRTAC-a bildiriblər ki, 69 kəndi və 1 şəhəri əhatə edən Şabran rayonunda epizootik durum sabitdir. Buna baxmayaraq, heyvanlar arasında xüsusi təhlükəli xəstəliklərə qarşı 2019-cu ilin profilaktik tədbirlərinə başlanılıb. Rayon ərazisində 24200 baş iribuynuzlu, 52 min baş xırdabuynuzlu, 1400 baş təkdırnaqlı və 2700 baş itin saxlanıldığı nəzərə alınmaqla, müayinə və profilaktik tədbirlər həm fərdi, həm də fermer təsərrüfatlarında aparılır. Dövlət Baytarlıq Xidmətinin Şabran Rayon Baytarlıq İdarəsinə verilən peyvənd vasitələri “soyuq zəncir” rejimi gözlənilməklə 11 sahə baytarlıq məntəqələrinə termoçamadanlarla çatdırılır və heyvanlara tətbiq edilir. İlin əvvəlindən başlanan bu tədbirlər iribuynuzlu, təkdırnaqlı və donuzlar arasında qarayara xəstəliyinə qarşı aparılır. Bununla yanaşı, iribuynuzlu heyvanlardan brusellyoz xəstəliyinin müayinəsi üçün qan nümunələri götürülür. Həmçinin ev itlərində quduzluğa qarşı profilaktik peyvəndləmə tədbirləri aparılır. Tədbirlər yekunlaşdıqdan sonra ərazidə profilaktik dezinfeksiya işləri həyata keçirilir. İribuynuzlu heyvanlarda bu tədbirlərin fevralın birinci ongünlüyünə kimi yekunlaşdırılması nəzərdə tutulur.

İndiyə kimi rayonun ayrı-ayrı şəxsi və fermer təsərrüfatlarında 7053 baş iribuynuzlu, 357 baş təkdırnaqlı heyvanda qarayara, 685 baş itdə quduzluq xəstəliyi əleyhinə profilaktik peyvəndləmə tədbiri aparılaraq, 2322 baş iribuynuzlu heyvandan brusellyoz xəstəliyinin müəyyən edilməsi məqsədilə qan nümunəsi götürülüb və 8325 kvadratmetr sahədə dezinfeksiya və dezinseksiya işləri görülüb.

Aparılan tədbirlər çərçivəsində baytar mütəxəssisləri qarayara, brusellyoz və digər iti yoluxucu xəstəlikləri barədə təsərrüfat sahiblərinə ətraflı məlumat verərək, təsərrüfatlarında baytarlıq-sanitariya qaydalarına ciddi əməl olunmasını tövsiyə ediblər. Təsərrüfatlarda hər hansı narahatçılıq olan zaman baytar həkimi ilə sıx əlaqə saxlamalarının vacibliyi vurğulanıb. Həmçinin rayonun baytar mütəxəssisləri tərəfindən təsərrüfat sahiblərinə və sakinlərə heyvanların yemlənməsi və bəslənməsində zootexniki qaydalara əməl edilməsinə dair tövsiyələr verilib.

Qeyd edək ki, Şabran Rayon Baytarlıq İdarəsinin mütəxəssisləri tərəfindən 2018-ci il ərzində həssas heyvanlar arasında brusellyoz xəstəliyini aşkar etmək, xəstəliyin qarşısını almaq məqsədilə 5615 baş iribuynuzlu və 1030 baş xırdabuynuzlu heyvandan (qoçlardan) qan nümunələri alınaraq müayinə edilib. Eləcə də ötən il 25088 baş iribuynuzlu, 49317 baş xırdabuynuzlu, 590 baş cavan iribuynuzlu, 11446 baş təkdırnaqlı heyvanda qarayara və 2451 baş itdə quduzluq xəstəliyinə qarşı peyvəndləmə tədbiri aparılıb. Həmçinin başa vurduğumuz il ərzində rayonda 49121 kvadratmetr sahədə profilaktik dezinfeksiya tədbirləri icra olunub.

Şabran rayonunda bundan sonra epizootik tədbirlər plana uyğun olaraq ev quşları arasında nyukasl, iribuynuzlu heyvanlarda dabaq, nodulyar dermatit, leptespiros, brusellyoz, xırdabuynuzlu heyvanlarda qarayara, dabaq, çiçək, leptespiros xəstəliklərinə qarşı profilaktik peyvəndləmə tədbirləri aparılacaq. Həmçinin həssas heyvanlar arasında brusellyoz xəstəliyini aşkar etmək, xəstəliklərin yayılmasının qarşısını almaq məqsədilə xırdabuynuzlu heyvanlardan (qoçlardan) qan nümunələrinin alınması, iribuynuzlu heyvanlarda vərəmə (allergik), qoçlarda infeksion epidedimitə (seroloji) və atlarda manqo xəstəliyinə görə (maleinizasiya) müayinələrin aparılması nəzərdə tutulur.

Dövlət Baytarlıq Xidməti tərəfindən rayon (şəhər) baytarlıq idarələri baytarlıq preparatları, lazımi ləvazimat və avadanlıqlarla təmin edilib. Cari ildə dövlət vəsaiti hesabına alınan, “soyuq zəncir” rejimi gözlənilməklə bölgü əsasında sahə baytarlıq məntəqələrinə çatdırılan biopreparatlar, dezinfeksiya, dezinseksiya və müalicəvi dərman preparatları rayon baytarlıq idarələrinin əməkdaşları tərəfindən “Epizootiya əleyhinə profilaktika, diaqnostika tədbirlər planı”na uyğun olaraq əhalinin mal-qarasına ödənişsiz əsaslarla (pulsuz) tətbiq edilir.

Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.