REGİONLAR
Şabranda məktəblilər üçün layihə təqdim edilib
Şabran, 18 oktyabr, Elxan Yusifli, AZƏRTAC
Şabran şəhəri Tofiq Abbasov adına 1 nömrəli tam orta məktəbdə Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsinin qalibi olan “Özünü dərk et!” layihəsi təqdim edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, təhsil işçilərinin, valideynlərin, şagirdlərin, həmçinin ictimaiyyət nümayəndələrinin iştirak etdiyi təqdimatda layihə haqqında ətraflı məlumat verilib.
Layihənin rəhbəri “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olmuş, “Tərəqqi” medallı Şəfəq Fazilova bildirib ki, layihənin adı filosof Sokrata məxsus “Özünü dərk et!” ifadəsindən götürülüb. Yuxarı sinif şagirdlərinin özünü dərk etməsinə kömək edəcək layihəyə ümumilikdə 200 məktəbli cəlb olunacaq. Cari tədris ili ərzində Şabran rayonun ümumtəhsil məktəblərində şagirdlər, həmçinin onların valideynləri ilə görüşlər təşkil ediləcək.
Tədbirdə Azərbaycan Təhsil İnstitutunun şöbə müdiri, professor Hümeyir Əhmədov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti, psixologiya üzrə fəlsəfə doktoru Ülviyyə Əfəndiyeva, Elm və Təhsil Nazirliyinin nümayəndəsi Rəbiyyə Müseyibzadə, Şabran Rayon Poliklinikasının həkimi İradə Həmidova layihələrin mahiyyəti haqqında danışıb, iştirakçılara uğurlar arzulayıblar.
Sonda şagirdlər özünüdərk ilə bağlı ədəbi-bədii kompozisiya nümayiş etdiriblər.