REGİONLAR
Şabranda “müalicə etmək” adı ilə gəncin ölümünə səbəb olan şəxslər saxlanılıb VİDEO
Şabran, 12 noyabr, Elxan Yusifli, AZƏRTAC
Noyabrın 10-u gecə saatlarında Bakı şəhər sakini, 25 yaşlı Murad Soltanovun Şabran şəhərindəki kirayədə yaşadığı evdə üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin altı nəfər tərəfindən törədildiyi müəyyənləşib. Araşdırmalarla onların Şabran şəhər sakinləri Vüsal İbrahimov, Əfqan Tanrıverdiyev, Cəmil Qayıbov, Sahib Xəlilov, Aprel Xəlilov və Füzuli Qəribov olduqları aydınlaşıb. Onların hamısı şübhəli şəxslər qismində saxlanılaraq Şabran Rayon Polis Şöbəsinə gətiriliblər.
İlkin təhqiqat zamanı saxlanılanlar törətdikləri cinayət əməllərini etiraf ediblər. Həmin şəxslərin evdə M.Soltanovu guya xalq təbabətindən istifadə olunmaqla müxtəlif formada müalicə etdikləri, bədənindən şər qüvvələri çıxarmaq adı ilə nar ağacının çubuqları ilə vurduqları məlum olub. M.Soltanova ağır bədən xəsarətləri yetirilib və məhz bundan sonra Murad kirayədə qaldığı mənzildə dünyasını dəyişib.
Araşdırmalarla M.Soltanovun Bakı şəhərində əvvəllər də eyni üsulla guya müalicə aldığı, lakin sonuncu belə “seans” zamanı sağlamlıq durumunun qəfil pisləşdiyi müəyyən edilib.
Eyni zamanda, keçirilən tədbirlərlə, Vüsal İbrahimovun yaşadığı evə baxış zamanı oradan 1 ədəd qanunsuz olaraq saxladığı “Toz-8” markalı tüfəng aşkar edilərək götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 126.3 (iki və ya daha çox şəxsə qarşı, habelə təkrar və ya bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədilən qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 138.2-1-ci (Tətbiqi müəyyən olunmuş qaydada qadağan edilmiş diaqnostika və müalicə üsullarını, dərman vasitələrini tətbiq etmə ehtiyatsızlıqdan şəxsin ölümünə və ya sağlamlığına ağır və ya az ağır zərər vurulmasına səbəb olduqda) maddələri ilə cinayət işi başlanılıb, istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.