CƏMİYYƏT
Şabranda narkotik vasitələrin fəsadları haqqında məlumatlılığın artırılması məqsədilə tədbir keçirilib
Bakı, 21 noyabr, AZƏRTAC
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupu “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın müvafiq bəndlərinin icrası ilə bağlı növbəti maarifləndirmə tədbirini noyabrın 21-də Şabran Rayon İcra Hakimiyyəti ilə birgə təşkil edib.
Komissiyanın İşçi qrupundan AZƏRTAC-a bildiriblər ki, tədbir narkomanlığın qarşısının alınması ilə bağlı təbliğat işlərinin gücləndirilməsi, davamlılığının təmin edilməsi, o cümlədən narkotik vasitələrin, psixotrop maddələrin fəsadları haqqında məlumatlılığın artırılması məqsədilə keçirilib.
Tədbirdə Dövlət Komissiyasının İşçi qrupunun əməkdaşları, rayon komissiyasının üzvləri və aidiyyəti dövlət orqanlarının nümayəndələri iştirak ediblər.
Çıxış edənlər narkomaniyanın doğurduğu faciələr, narkotiklərin insan orqanizminə məhvedici təsiri, şəhər komissiyasının narkomanlığın qarşısının alınması ilə bağlı həyata keçiriləcək tədbirlərə diqqətinin artırılmasının zəruriliyi barədə danışıblar. Belə tədbirlərə ictimaiyyətin nümayəndələrinin, din xadimlərinin cəlb edilməsi, eləcə də bələdiyyə, polis orqanları, təhsil işçiləri, əmək kollektivləri və müvafiq komissiyalar arasında əlaqələrin genişləndirilməsi ilə bağlı tövsiyələr də diqqətə çatdırılıb. Həmçinin QİÇS və bir sıra başqa yoluxucu xəstəliklərin yayılması yolları haqqında məlumat verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb, fikir mübadiləsi aparılıb.
Tədbir çərçivəsində rayon komissiyasına metodiki kömək göstərilib və onlar zəruri əyani vəsaitlərlə təmin ediliblər.