REGİONLAR
Şabranda son illər 100 kilometrdən artıq torpaq kanal beton kanalla əvəzlənib VİDEO





Şabran, 28 noyabr, Elxan Yusifli, AZƏRTAC
Şabranda növbəti suvarma mövsümünə hazırlıq işlərinə başlanılıb. Bu məqsədlə torpaq məcralı Ağalıq kanalı beton üzlüyə alınır. Bu kanal vasitəsilə min hektardan artıq sahənin suvarılması daha da yaxşılaşacaq.
Meliorasiya və Su Təsərrüfatı ASC-nin nümayəndəsi Firudin Babayev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, Şabran rayonunda yaz-yay suvarma mövsümü uğurla başa çatıb. Rayon Suvarma Sistemləri İdarəsi əməkdaşlarının əvvəlcədən gördüyü meliorativ tədbirlər nəticəsində suvarma mövsümündə təsərrüfat sahibləri vaxtında suvarma suyu ilə təmin edilib.
Şabran Suvarma Sistemləri İdarəsi əməkdaşları tərəfindən eyni zamanda növbəti mövsümdə sahələrin vaxtında suvarılmasını düzgün təşkil etmək məqsədilə torpaq kanallar lil və kol-kosdan təmizlənir. Görülən işlər nəticəsində kanalların ötürücülük qabiliyyəti artırılır ki, bu da su itkisinin qarşısını alır. Kanalların təmizlənməsi işlərinə 15 ədəd ağır texnika cəlb olunub.
Hazırda Şabranda 27 min hektar əkinəyararlı torpaq sahəsini suvarmaq üçün 764 kilometr uzunluğunda təsərrüfatdaxili və təsərrüfatlararası suvarma kanalından istifadə edilir. Son illər rayonda 100 kilometrdən artıq torpaq kanal beton kanalla əvəz edilib. 2019-cu ildə aparılan meliorativ tədbirlərdən sonra Şabranda 9 min hektar sahə əkin dövriyəsinə cəlb olunub. Əkinə yeni cəlb edilən sahələrin suvarılması məqsədilə ərazidə yeni qapalı sistem yaradılıb.