REGİONLAR
Şabranda suvarılmayan 14 min hektar sahə ilk dəfə su ilə təmin olunacaq VİDEO
Şabran, 6 mart, Elxan Yusifli, AZƏRTAC
Şabran rayonunda suvarılmayan 14 min hektar sahə ilk dəfə su ilə təmin olunacaq.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon ərazisində mövcud suvarılan torpaqların su ilə təminatının yaxşılaşdırılması və yeni suvarılan torpaqların istifadəyə verilməsi məqsədilə görülən işlər 32 min hektar sahəni əhatə edəcək.
“Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsi çərçivəsində həyata keçirilən işlər nəticəsində 18 min hektar mövcud suvarılan torpaqların su ilə təminatının yaxşılaşdırılması da mümkün olacaq.
Suvarılmayan sahələrin ilk dəfə su ilə təmin olunması üçün rayonun Dəvəçikənd ərazisində yaradılan süni gölün inşası sürətlə davam etdirilir. Su tutumu 1 milyon kubmetr olacaq göl Vəlvələ-Taxtakörpü kanalından götürülən su hesabına doldurulacaq.
Şabran Suvarma Sistemləri İdarəsinin rəisi Adil Şamilov bildirib ki, süni gölün tikintisinə 2016-cı ildə başlanılıb. Rayon ərazisində mövcud suvarılan torpaqların su ilə təminatının yaxşılaşdırılması və yeni suvarılan torpaqların istifadəyə verilməsi üçün göldə toplanan su əhəmiyyətli rol oynayacaq. Bununla yanaşı, torpaqların suvarılması üçün Taxtakörpü su anbarından diametri 1800 millimetr olan borularla yeni su xətti də çəkilir.
Layihənin icrasının iki il ərzində başa çatdırılması nəzərdə tutulub.
Rayonda yeni istifadəyə veriləcək suvarılan torpaqlarda taxıl və yem bitkilərinin əkilməsi nəzərdə tutulub.