REGİONLAR
Şabranda üzüm yığımı başlayıb VİDEO
Şabran, 19 avqust, Elxan Yusifli, AZƏRTAC
Şimal regionunda üzümçülüyün daha çox inkişaf etdiyi Şabran rayonunda məhsul yığımı başlayıb.
AZƏRTAC xəbər verir ki, daha çox süfrə üzümü sortlarını becərməyə üstünlük verən şabranlı fermerlər bu mövsümdə bol məhsul yetişdirməyə nail olublar. Builki hava şəraitinin üzüm istehsalı üçün əlverişli olması da məhsuldarlığa müsbət təsirini göstərib.
Şabranda daha çox ağ və qara şanı, ağadayı, mədrəsə, təbrizi kimi yerli üzüm sortları becərilir. Rayonun Gəndov inzibati ərazi dairəsinə daxil olan kəndlərində üzümçülük daha geniş yayılıb. Bir neçə gün əvvəl üzüm yığımına başlayan fermerlər məhsul satışında heç bir çətinliklə üzləşmirlər. Yerli bazarlarda üzümün kiloqramı 70-80 qəpiyə satılır. Bununla yanaşı, şabranlı fermerlər toplanan məhsulu Bakı şəhərindəki və respublikamızın digər bölgələrindəki satış mərkəzlərinə də göndərirlər.
Aygünlü kəndində üzüm bağları olan sahibkar Əskər Əkbərov AZƏRTAC-a müsahibəsində bu il məhsuldarlığın yaxşı olduğunu bildirib: “Kəndimizdə əksər təsərrüfatçılar üzümçülüklə məşğuldur. Ümumilikdə 10 hektara yaxın üzüm bağımız var. Bu il hava şəraiti əlverişli olduğundan bol məhsul yetişib. Yığıma yeni başlamışıq. Hər hektardan orta hesabla 12-15 ton məhsul əldə edəcəyimizi düşünürəm. Avqustun 25-dən bütün üzüm bağlarımızda kütləvi yığım həyata keçiriləcək. Ötən il üzümün kiloqramını 80 qəpiyə-1 manata satmışıq. Bu il də qiymətlər münasibdir.”
Üzümçülük Şabran rayonunun kənd təsərrüfatının aparıcı sahələrindən biridir. Son bir neçə ildə rayon ərazisində üzüm bağlarının sahəsi artırılaraq 410 hektara çatdırılıb.
Şabranda üzüm yığımı adətən oktyabr ayının ilk ongünlüyündək davam edir.