REGİONLAR
Şabranda yanğın geniş əraziyə yayılıb, Dağbilici kəndində üç ev yanıb VİDEO
Şabran, 15 avqust , Elxan Yusifli, AZƏRTAC
Şabran rayonunun Xəlfələr kəndi ərazisində biçilmiş əkin sahələrindən başlayan yanğın Dağbilici kəndində 3 evin yanmasına səbəb olub.
Şabran Rayon Fövqəladə Hallar Komissiyasının sədri İlkin Ağayev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, günorta saatlarından başlayan yanğın güclü külək nəticəsində geniş əraziyə yayılıb. Dağbilici kəndində bir ev tamamilə, ikisi isə qismən yanıb. Digər evlər yanğından mühafizə olunub. Yanğın nəticəsində sakinlər arasında xəsarət alan yoxdur.
Yanğın Mumlu və Qazma kəndlərində də sakinlərə məxsus ot tayaları və yardımçı tikililərə də ziyan vurub.
Yanğın baş verən əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri cəlb olunub.
Relyefin mürəkkəbliyi və havanın küləkli olması yanğınsöndürmə işlərini çətinləşdirir. Yanğınsöndürmə işlərini sürətləndirmək və yanğınların daha geniş əraziyə yayılmasının qarşısını almaq məqsədi ilə hər iki əraziyə Fövqəladə Hallar Nazirliyindən əlavə qüvvələr, o cümlədən Aviasiya dəstəsinin iki helikopteri, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.