REGİONLAR
Şabranda yaşayış binasında baş verən yanğın nəticəsində xəstəxanaya yerləşdirilənlərin sayı 7-yə çatıb VİDEO
Şabran, 20 avqust, AZƏRTAC
Avqustun 20-də Şabran şəhərində dördmərtəbəli yaşayış binasının elektrik şəbəkəsində baş verən yanğınla əlaqədar 7 nəfər xəstəxanaya yerləşdirilib.
Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, Şabran Rayon Mərkəzi Xəstəxanasına müraciət edən 51 yaşlı kişiyə sağ topuğun kəsilmiş yarası, 1 kişi və 5 qadına isə tüstüdən boğulma, həmçinin stress diaqnozu qoyulub.
Onlardan iki nəfəri cərrahiyyə şöbəsinə, beş nəfər isə reanimasiyaya yerləşdirilib. Vəziyyətləri orta ağır qiymətləndirilir. Həyatları üçün təhlükə yoxdur.
Qeyd edək ki, günorta saatlarında baş verən yanğın nəticəsində binanı qatı tüstü bürüdüyündən sakinlər dərhal təxliyə olunub.
Hadisə yerinə Şabran Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşını və canlı qüvvəsi, eləcə də Şabran Rayon Mərkəzi Xəstəxanasının təcili-tibbi yardım briqadaları cəlb edilib. Yanğın söndürülüb.
Faktla bağlı araşdırma aparılır.