Şabranın Uzunboyad kəndində yeni məktəb binası inşa edilir VİDEO
AzerTAg.az
Xaçmaz, 11 aprel, Elxan Yusifli, AZƏRTAC
Şabran rayonunun Uzunboyad kəndində 264 şagird yerlik ikimərtəbəli məktəb binası inşa edilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yeni məktəb binasının tikintisinin bir ay ərzində başa çatdırılması nəzərdə tutulub.
Səməndər Musayev adına Uzunboyad tam orta məktəbi üçün yeni binanın tikintisinə 2021-ci ilin fevral ayından başlanılıb. Hazırda binanın dam örtüyünün inşası və suvanması işləri aparılır.
Binada 12 sinif otağı, laboratoriyalar, gənclərin çağırışaqədər hazırlığı, əmək təlimi və kompüter otaqları, idman, akt zalı, kitabxana və yeməkxana olacaq.
Məktəbin direktor müavini Nail İsmayılov bildirib ki, əvvəlki bina məktəb kimi 65 il öncə istifadəyə verildiyindən müasir tələblərə cavab vermirdi. Yeni təhsil müəssisəsinin inşası təhsilin keyfiyyətinin yaxşılaşdırılmasında mühüm rol oynayacaq.
İnşa olunan yeni təhsil müəssisəsi müasir istilik sistemi ilə təchiz olunacaq. Məktəb binasının həyətində qazanxana və su çənləri tikilib.
Şabran Rayon Təhsil Şöbəsindən bildirilib ki, bu il rayonunun Söhbətli kəndində 40 şagird yerlik modul tipli məktəb binası istifadəyə verilib.









Xəbərin mətnində orfoqrafik səhv var