REGİONLAR
Şabranın doqquz kəndini içməli su ilə təmin edəcək yeni su xətti çəkilir VİDEO
Şabran, 18 aprel, Elxan Yusifli, AZƏRTAC
Şabran rayonunun doqquz kəndinin içməli su ilə təminatının yaxşılaşdırılması məqsədi ilə yeni magistral su xətti inşa olunur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Azərsu” ASC tərəfindən həyat keçirilən layihəyə əsasən aparılan tikinti işləri başa çatdıqdan sonra Pirəbədil, Dağbilici, Zöhramlı, Sumaqova, Sumaqova Qazma, Ləcədi, Qələgah, Leyti və Mumlu kəndlərində 950 abonent içməli su ilə təmin ediləcək. Bu kəndlərdə 2 mindən çox əhali yaşayır.
Sahə rəisi Cəmil Əliyev bildirib ki, tikinti işlərinə 2021-ci ilin dekabr ayından başlanılıb. Ərazidəki doqquz yaşayış məntəqəsini və Pirəbədil kəndində inşa olunan yaradıcılıq ittifaqları üçün şəhərciyi su ilə təmin edəcək xəttin uzunluğu 65 min 500 metrdir. Su xəttinin tikintisində müxtəlif diametrli polietilen və polad borulardan istifadə olunur.
Bundan əlavə, iki nasosxana və 100, 150 və 250 kubmetrlik 11 su anbarı inşa edilir.
Magistral su xəttinin inşasının 90 faizi başa çatdırılıb. Hazırda su xəttinin Dağbilici və Zöhramı kəndləri arasındakı hissəsi çəkilir və sonuncu su anbarının tikintisi davam etdirilir. Növbəti mərhələdə isə 950 abonent üçün sayğac quraşdırılacaq.
Tikinti işlərinin cari ilin may ayında başa çatdırılması nəzərdə tutulub.