REGİONLAR
Şabranın ucqar Mumlu kəndinə ilk dəfə təbii qaz verilib VİDEO
Şabran, 16 fevral, Elxan Yusifli, AZƏRTAC
Şabran rayonunun yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində tədbirlər davam etdirilir.
“Azəriqaz” İstehsalat Birliyi (İB) rayonun Mumlu kəndinin qazlaşdırılması işini başa çatdırıb və abonentlərə “mavi yanacağ”ın verilməsinə başlanılıb.
AZƏRTAC xəbər verir ki, fevralın 16-da Mumlu kəndinə ilk dəfə təbii qazın verilməsi münasibətilə keçirilən mərasimdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İB-nin nümayəndələri, ziyalılar, eləcə də kənd sakinləri iştirak ediblər.
Mərasimdə çıxış edənlər yaşayış məntəqəsinə təbii qazın verilməsi münasibətilə kənd sakinlərini təbrik ediblər. Bildirilib ki, Mumlu kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 3 min 360 metr olan müxtəlif diametrli polad borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib. Bununla yanaşı, kənddəki 45 abonent üçün qaz sayğacı və fərdi tənzimləyici quraşdırılıb. Qeyd olunub ki, 2015-ci ildə rayonun 9 yaşayış məntəqəsi təbii qazla təmin edilib. Yaxın günlərdə 152 abonenti olan Günəşli kəndinə də təbii qazın verilməsi nəzərdə tutulub.
Kənd ağsaqqalları əhalinin sosial problemlərinin həllinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Sonra qaz xəttinin açılışını bildirən məşəl alovlandırılıb və kəndə təbii qaz verilib.