REGİONLAR
Şabranın üzüm bağlarında bol məhsul yetişib VİDEO
Şabran, 8 avqust, Elxan Yusifli, AZƏRTAC
Şimal regionunda üzümçülüyün daha çox inkişaf etdiyi Şabran rayonunda təsərrüfatçılar məhsul yığımına hazırlaşırlar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, daha çox süfrə üzümü sortlarını becərməyə üstünlük verən şabranlı fermerlər bu mövsüm bol məhsul yetişdirməyə nail olublar. Builki hava şəraitinin üzüm istehsalı üçün əlverişli olması məhsuldarlığa müsbət təsirini göstərib.
Avqustun ikinci ongünlüyündən etibarən rayonda üzümün yığılmasına başlanılacaq.
Şabranda daha çox ağ və qara şanı, “Ağadayı”, “Mədrəsə”, “Təbrizi” kimi yerli üzüm sortları becərilir. Son illər salınan yeni bağlarda isə “Merlot”, “Kabarne”, “Tramil” və başqa texniki üzüm sortları əkilib.
Rayonda bu sahədə müsbət təcrübə əldə etmiş nümunəvi müəssisələr var. Rayonun Gəndov, Ağbaş kəndlərində yüksək texnologiyalarla müasir tələblərə uyğun yeni üzümçülük təsərrüfatları salınıb.
Ağbaş kəndində fərdi sahibkara məxsus 135 hektara yaxın sahədə üzümün 10-dan çox sortu becərilir. İntensiv formada qulluq olunan üzümçülük təsərrüfatında şərabçılıq üçün vacib texniki üzüm sortlarına üstünlük verilib.
Aqronom Polad Quliyev bildirir ki, avqust ayının 15-dən sonra üzüm bağlarından ilk məhsulun toplanmasına başlayacaqlar. Sahələrə son suvarma suyu verilib, aqrotexniki işlər görülür. Hər il buradakı üzümçülük təsərrüfatından 1000 tondan çox məhsul əldə olunur.
Şabranlı fermerlər toplanan məhsulu Bakı şəhərindəki və respublikamızın digər bölgələrindəki satış mərkəzlərinə göndərirlər.
Üzümçülük Şabran rayonunda kənd təsərrüfatının ənənəvi inkişaf etmiş sahələrindən sayılır. Son illər üzümçülük sahəsində məhsul istehsalında artım müşahidə olunur. Rayonda ümumilikdə, 400 hektara yaxın üzüm bağı var. Bu bağlardan hər il 3 min tona yaxın məhsul əldə edilir.