REGİONLAR
Şabranın üzüm bağlarında bol məhsul yetişib VİDEO
Şabran, 3 avqust, Elxan Yusifli, AZƏRTAC
Şabranlı təsərrüfatçılar avqust ayının 15-dən sonra üzüm bağlarından ilk məhsulun toplanmasına başlayacaqlar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonun Gəndob, Ağbaş və Dəvəçikənd inzibati ərazi dairəsinə daxil olan kəndlərində üzümçülük daha geniş yayılıb. Şabran ərazisində, ümumilikdə, 400 hektara yaxın üzüm bağı var.
Rayonun Ağbaş kəndində fərdi sahibkara məxsus 135 hektara yaxın sahədə üzümün 10-dan çox sortu becərilir. İntensiv formada qulluq olunan üzümçülük təsərrüfatında şərabçılıq üçün vacib texniki üzüm sortlarına üstünlük verilib.
Aqronom Polad Quliyev bu il məhsuldarlığın yüksək olduğunu bildirib. “Məhsuldarlıq yüksəkdir. Hər il üzümçülük təsərrüfatından 1000 tondan çox məhsul əldə olunur. Bu il məhsuldarlığın daha çox olacağını proqnozlaşdırırıq. Ziyanvericilərə və xəstəliklərə qarşı vaxtında aparılan tədbirlər və aqrotexniki qulluq öz müsbət təsirini göstərib. Suvarma ilə bağlı da çətinliyimiz olmayıb” - deyə, Polad Quliyev söyləyib.
Hazırda üzüm sahələrinə son suvarma suyu verilir, aqrotexniki işlər görülür.
Şimal regionunda üzümçülüyün daha çox inkişaf etdiyi Şabran rayonunda əsasən Ağ və Qara şanı, “Ağadayı”, “Mədrəsə”, “Təbrizi” kimi yerli üzüm sortları becərilir. Son illər salınan yeni bağlarda isə “Merlot”, “Kabarne”, “Tramil” və başqa texniki üzüm sortları əkilib.
Üzümçülük Şabran rayonunda kənd təsərrüfatının ənənəvi inkişaf etmiş sahələrindən sayılır. Son illər üzümçülük sahəsində məhsul istehsalında artım müşahidə olunur. Hər il rayonda 3 min tona yaxın üzüm istehsal edilir. Şabranlı fermerlər toplanan məhsulu Bakı şəhərindəki və respublikamızın digər bölgələrindəki satış mərkəzlərinə göndərirlər.