REGİONLAR
Şabranlı çağırışçılar hərbi xidmətə böyük ruh yüksəkliyi ilə yollanıblar VİDEO
Şabran, 2 iyul, Elxan Yusifli, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən ölkəmizin hər yerində olduğu kimi, Şabranda da gənclərin həqiqi hərbi xidmətə çağırışı uğurla davam edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iyulun 2-də gənclərin hərbi xidmətə yola salınması münasibətilə keçirilən tədbirdə rayonun idarə, müəssisə və təşkilatlarının, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, ağsaqqallar və valideynlər iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Mərasimdə çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Şabran rayon şöbəsinin rəisi Anar Ağabəyov, Şabran Rayon İcra Hakimiyyəti başçısının müavini Fikrət Nuşiyev, müharibə veteranları və valideynlər ordu quruculuğu sahəsində qazanılan uğurlardan söhbət açıblar. Gənclərə Vətənin keşiyində ayıq-sayıq dayanmaq, ölkəmizin ərazi bütövlüyünü şərəflə qorumaq, hərb işinin sirlərinə mükəmməl yiyələnmək tövsiyə olunub.
Qeyd edilib ki, bu gün Azərbaycan Silahlı Qüvvələri ən müasir hərbi texnikaya, güclü maddi-texniki bazaya və mükəmməl döyüş hazırlığına malik peşəkar ordudur. Ordumuz istənilən döyüş tapşırığını yerinə yetirməyə qadirdir.
Hərbi xidmətə yola düşən gənc çağırışçılar Vətənə layiqli övlad kimi xidmət edəcəklərinə söz veriblər.
Rayonun incəsənət ustalarının ifasında musiqili proqramla davam edən mərasimdən sonra çağırışçı gənclər böyük ruh yüksəkliyi ilə hərbi xidmətə yollanıblar.