REGİONLAR
Şabranlı fermerlər intensiv üzüm bağlarında budama işləri aparırlar VİDEO
Şabran, 29 yanvar, Elxan Yusifli, AZƏRTAC
Şabranlı fermerlər intensiv üsulla becərilən üzümçülük təsərrüfatlarında budama işlərini fevral ayında başa çatdıracaqlar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonun Ağbaş kəndində fərdi sahibkara məxsus 135 hektara yaxın sahədə üzümün 10-dan çox sortu becərilir. İntensiv formada qulluq edilən üzümçülük təsərrüfatında şərabçılıq üçün vacib olan texniki üzüm sortlarına üstünlük verilib.
Aqronom Bayram Əsgərov bildirib ki, budaqların sulanmasından sonra aparılan budama tənəklərin qurumasına səbəb ola bilər. Budama işlərinə dekabr ayından start verilib. Quru budama işləri üzüm bağlarında aparılan ilk aqrotexniki qulluq sayılır və mart ayına kimi başa çatdırılmalıdır.
Bağban Şamil Dəmirov bildirib ki, təsərrüfatda “Muskat”, “Şarlina”, “Savinyon”, “Mədrəsə”, “Merlot”, “Kabarne”, “Rekastelli” kimi şərabçılıq üçün əlverişli texniki sortlar yetişdirilir.
Quru budama zamanı bağbanlar tənəkləri gücdən düşmüş bar çubuqlarından təmizləyir. Tənəklərdə cavan və məhsuldar çubuqlar saxlanılmalıdır ki, bol üzüm əldə olunsun.
Budama üzüm məhsulunun həcminə və keyfiyyətinə təsir göstərən mühüm aqrotexnik tədbirlərdəndir. Budamanın əsas vəzifəsi kolların böyüməsini və məhsuldarlığını elə nizamlamaqdır ki, hər il müntəzəm olaraq bol məhsul almaq mümkün olsun.
Üzümçülük Şabranın kənd təsərrüfatının aparıcı sahələrindən sayılır. Rayonun Gəndov inzibati ərazi dairəsinə daxil olan kəndlərdə üzümçülük daha geniş yayılıb. Rayon ərazisində üzüm bağlarının ümumi sahəsi 400 hektardan çoxdur.