REGİONLAR
Şabranlı məktəblilər arasından ədəbiyyat biliciləri seçilir VİDEO
Şabran, 11 fevral, Elxan Yusifli, AZƏRTAC
Şabranda “Ədəbiyyat biliciləri” respublika müsabiqəsinin ikinci - rayon turuna 47 ümumtəhsil məktəbindən 112 şagird qatılıb.
AZƏRTAC-ın bölgə müxbiri bildirir ki, fevralın 10-da təşkil olunan rayon mərhələsinin iki qalibi Bakı şəhərində keçiriləcək ölkə turuna vəsiqə qazanacaq. Müsabiqədə rayonun ümumtəhsil məktəblərinin VIII-XI siniflərinin şagirdləri 3 saat ərzində 12 sualı yazılı şəkildə cavablandırıblar.
Müsabiqənin keçirilməsində əsas məqsəd şagirdlərin Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılıqları haqqında məlumatlılıq səviyyəsini, ədəbiyyat nümunələrinin məktəblilər tərəfindən mütaliə olunması vəziyyətini öyrənmək, onlarda mütaliə vərdişlərinin formalaşdırılması və mütaliə sahəsində xüsusi fəallığı ilə fərqlənən şagirdləri aşkara çıxarmaqdır.
Müsabiqə məktəb, rayon və respublika olmaqla, üç mərhələdə keçirilir. Müsabiqənin məktəb mərhələsi noyabr-dekabr aylarında yekunlaşdırılıb, yekun tur isə mart-aprel aylarında keçiriləcək.