CƏMİYYƏT


Sabunçu Gənclər evinin təşəbbüsü ilə “TariximİZ - Şərqin günəşi” mövzusunda onlayn forum keçirilib

Bakı, 30 may, AZƏRTAC

Sabunçu Gənclər evinin təşkilatçılığı ilə “TariximİZ - Şərqin günəşi” mövzusunda onlayn forum keçirilib.

Gənclər evindən AZƏRTAC-a bildiriblər ki, 100-ə yaxın gəncin qatıldığı forumun məqsədi Azərbaycan Xalq Cümhuriyyəti dövrünün tədqiqatçı tarixçiləri ilə gənclərin virtual görüşünü təşkil etmək, gənclərimizə tarixi həqiqətlərin aşılanması və onlar arasında azərbaycançılıq məfkurəsinin təbliği olub.

Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsindən sonra Sabunçu Gənclər evinin direktoru Samir Mehralıyev müasir Azərbaycan gənclərinin Cümhuriyyətin layiqli varisləri olduğunu vurğulayıb. Bildirib ki, indi Azərbaycan gəncliyi müasir çağırışlara cavab verməklə yanaşı, kökünə, tarixinə, millətinə və dövlətçilik ənənələrinə də olduqca bağlıdır. Azərbaycan gənclərinin vətənpərvərlik ruhunda tərbiyəsində dövlət gənclər siyasəti önəmli rola malikdir. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu bu siyasətin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilməsi nəticəsində əldə olunan nailiyyətlərdən danışılıb.

Forumda məruzəçilər, tarix üzrə fəlsəfə doktoru, dosent Firdovsiyə Əhmədova və Sübhan Talıblı Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından süqutuna qədər olan dövr ərzində tarixi hadisələrin, bu müddət ərzində azərbaycançılıq məfkurəsinin formalaşması və beynəlxalq siyasi proseslərin Azərbaycan dövlətçiliyinin müqəddəratına təsiri mövzularından bəhs ediblər.

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına səbəb olan daxili və xarici amillər, Cümhuriyyətin daxili siyasəti və dövlət quruculuğu, dövlətin süqutuna təsir edən amillər haqqında forum iştirakçılarına məlumat verən tarixçi Firdovsiyə Əhmədova bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti qurucularının uğurlarını vətənpərvərlik, peşəkarlıq və siyasi əzmkarlıq şərtləndirib. Müsəlman Şərqində ilk demokratik respublikanın qurucuları dövlətin və xalqın müqəddəratını şəxslərin və partiyaların fövqündə tutmağın parlaq nümunəsini yaradıblar. Azərbaycan Cümhuriyyəti xalqımızın demokratik cəmiyyətlərə mükəmməl təqdimat nümunəsidir.

Tarixçi Sübhan Talıblı Cümhuriyyətin yaradılması prosesində ortaya çıxan ərazi mübahisələri, dövlətin xarici siyasəti və beynəlxalq münasibətləri, qonşu dövlətlərlə ikitərəfli münasibətləri mövzularına toxunub.

Forumun sonunda gənclərin sualları cavablandırılıb.

Sabunçu Gənclər evi Gənclər və İdman Nazirliyinin nəzdində fəaliyyət göstərən sosial xidmət müəssisəsidir. Gənclər evinin əsas hədəfləri gənclərin sosial və fərdi inkişafı, demokratik iştirakçılığın gücləndirilməsi, sağlam gənclik mühitini formalaşdırılması, intellektual gənclik yetişdirilməsi, gənclərdə sosial məsuliyyətin formalaşdırılması, onların asudə vaxtlarının səmərəli təşkilidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.